Tbilisidə “Əli və Nino” filminin premyerası olub24 Oktyabr 2016, 10:19 (GMT +4) Bakı, 24 oktyabr, SalamNews. Gürcüstanın paytaxtı Tbilisidə "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerası olub.
SalamNews-un məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Batumidəki baş konsul Rəşad İsmayılov, səfirliyin əməkdaşları, “SOCAR Energy GAS” MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin işçiləri, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tbilisi şəhərinin meri David Narmaniya, Türkiyə səfiri Zəki Ləvənt Gümrükçü, kino, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Mixail Georqadze vurğulayıb ki, filmin gürcü dilinə tərcümə olunması, qonşu və qardaş Azərbaycan və gürcü xalqları arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfədir.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn məlumat verib ki, Qurban Səidin eyniadlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir.
Diplomat bildirib ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatı laureatı Asif Kapadia, ssenari müəllifi "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.
Qeyd edək ki, “Əli və Nino” filmi Gürcüstanın bütün bölgələrində nümayiş etdiriləcək.
|