Avropa oyunlarının təşkilində Azərbaycanı keçmək heç kəsə müyəssər olmayacaq - Aleksandr Lukaşenko21 Oktyabr 2016, 15:46 (GMT +4) Bakı, 21 oktyabr, SalamNews, C.Nəzərov. "Belarus Avropa oyunlarının keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanacaq."
SalamNews-un “Belta”ya istinadla verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüş zamanı bildirib.
“Sizin təcrübəniz bizim üçün olduqca vacibdir. Heç kəs Avropa oyunlarının təşkilində Azərbaycanı keçməyə müyəssər olmayacaq. Dostum İlham Əliyev belə bir planka təyin edib!”, - A.Lukaşenko söyləyib.
Bundan əvvəl Belarus lideri Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti vəzifəsini icra edən Yanez Koçiyançiçlə görüş zamanı AOK-un Minski II Avropa oyunlarının keçiriləcəyi şəhər kimi təsdiqləmək qərarını belə şərh edib: “Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə burada olimpiadamıza avropalı idmançıları toplayacağıq.
Mən buraya maksimum sayda idmançının dəvət edilməsinin tərəfdarıyam. Bu, onların bayramıdır. İdmançılar nə qədər çox olsa, Avropa təşkilatımızdakı tərəfdarlarımızın sayı bir o qədər çox olacaq. Burada nə qədər çox idman növləri təşkil etsək, onlar bir o qədər çox inkişaf edəcək.
Biz superdövlət deyilik, lakin idmana böyük diqqət ayırırıq. Çox istərdim ki, Avropa təşkilatımız heç bir halda digər qitə təşkilatlarından, o cümlədən Beynəlxalq Olimpiya Komitəsindən geri qalmasın. Mən bu barədə millətçi və vətənpərvərəm. Buna görə Belarusa arxayın ola bilərsiniz.”, - Lukaşenko bildirib.
Bildirək ki, bu gün AOK Baş Assambleyasının 45-ci toplantısında Minsk 2019-cu ildə keçiriləcək II Avropa oyunlarının ev sahibi seçilib.
2015-ci il iyunun 10-da Niderland MOK 2019-cu ildə ikinci Avropa oyunlarının keçirilməsindən rəsmi imtina haqqında məlumat verib. Hökumət öz MOK-unun təşəbbüsünü dəstəkləməyib.
Xatırladaq ki, birinci Avropa Oyunları 12-28 iyul 2015-ci il tarixlərində paytaxt Bakıda keçirilib.
|