Bu gün İmam Hüseyn (ə) yolunda qan vermək daha çox savab sayılır - Allahşükür Paşazadə12 Oktyabr 2016, 13:36 (GMT +4) Bakı, 12 oktyabr, SalamNews. “Bu gün İmam Hüseyn (ə) yolunda qan vermək daha çox savab sayılır, buna görə də bu gün keçirilən qanvermə aksiyasında məzhəbindən, dinindən asılı olmayaraq hər kəs iştirak edir”.
SalamNews xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
Allahşükür Paşazadə bildirib ki, bu gün bu aksiyada din və dövlət müşavirləri ilə yanaşı, Azərbaycandakı Rus Pravoslav Kilsəsinin rəhbəri və ilk dəfə olaraq yəhudi dini icmasının rəhbəri də iştirak edib.
QMİ sədri deyib ki, hər il bu aksiyalarda qan verənlərin sayı artır: "Əvvəllər məscidlər az olduğuna görə insanlar Aşura günü küçələrə çıxırdı, indi isə Azərbaycanda məscidlər çoxaldığına görə, mərasimlər məscidlərdə qeyd olunur. Əgər Sovet dövründə Azərbaycanda 17 məscid var idisə, bu gün ölkədə iki minə yaxın məscid var və ehtiyac olan yerlərdə yeni məscidlər də acılacaq".
Allahşükür Paşazadə, həmçinin bildirib ki, Azərbaycanda keçirilən qanvermə aksiyası bütün dünyada bəyənilir: "Artıq İranda, Türkiyədə də Aşura günü belə aksiyalar keçirilir”.
|