İmam Hüseyn (ə) Aşura günü dini və müsəlmanlığı xilas etdi - ilahiyyatçı06 Oktyabr 2016, 12:09 (GMT +4) Bakı, 6 oktyabr, SalamNews, M.Sadiq. "Məhərrəmlik bizim üçün çox önəmlidir, çünki bu ayda Həzrət Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə) babasının gətirdiyi sonuncu haqq olan dini qorumaq üçün zülmə qarşı qiyam etmiş, dini və müsəlmanlığı xilas etmişdir".
Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alım Hacı Namiq Babaxan bildirib.
Onun sözlərinə görə, İmam Hüseynin (ə) qiyamı Peyğəmbərin (s) besəti, İmam Zamanın (ə.f) zühuru qədər əhəmiyyətlidir: "Çünki Aşura günü İmam Hüseyn (ə) İslamı xilas etdi, təkcə Yezidi deyil, hətta Müaviyədən başlanaraq yaşanan xilafətin İslama aid olmadığını bəlli etdi."
"İmam Hüseyn (ə) öz ilahi məqsədini, dinin və ümmətin xilası yolunda öz canından və əzizlərindən də keçməklə bizə fədakarlıq nümunəsi də miras qoydu. İmam Hüseyn (ə) haqq, azadlıq, ədalət yolunda neçə mübarizə aparmağı bizə öyrətdi.
İmam Hüseynin (ə) qiyamı haqqın batilə qələbəsinin növbəti nümunəsidr ki, Allah bizə İmam Hüseyn vasitəsilə bunu göstərdi", - ilahiyyatçı bildirib.
|