Biz hamımız İmam Hüseynə (ə) borcluyuq - ilahiyyatçı04 Oktyabr 2016, 11:31 (GMT +4) Bakı, 4 oktyabr, SalamNews, M.Sadiq. "İmam Hüseyn (ə) insanlığa xidmət edərək haqq yolunda şəhid oldu. Bildiyiniz kimi Əməvi sülaləsi, Yezid ibn Müaviyə insanlığın düşməni idilər. Onlar insanlıqla mübarizə aparırdılar".
Bu fikirləri SalamNews-a açıqlamasında ilahiyyatçı, “Fatimeyi-Zəhra” məscidinin axundu Hacı Ramil Bədəlov bildirib.
O deyib ki, İmam Hüseynin (ə) üstün cəhədlərindən biri də ibadəti, namazı qoruması olub: "Ona görə də biz hamımız, məzhəbimizdən asılı olmayaraq İmam Hüseynə (ə) borcluyuq. İmam özündən sonra insanlıq məktəbi qoyub getdi."
"Lakin İmamla mübarizə aparanlar nadan insanlar idi. Bir qrup insan Kərbəlaya ona görə gəlmişdilər ki, İmamı öldürüb cənnətə getsinlər. Hətta onlardan bura nəyə görə gəldiklərini soruşduqda, onlar Allaha yaxınlaşmaq üçün gəldiklərini söyləyirdilər. Bu, öz-özlüyündə nadanlığın ən pik nöqtəsidir. Bundan başqa İmamla mübarizə aparan insanlar savadsız, maarifdən uzaq idilər", - deyə ilahiyyatçı əlavə edib.
Ruhani gənclərə tövsiyəsini də açıqlayıb: "Mən bu gün gənclərə tövsiyə edərdim ki, elmlə, maariflənmə ilə məşğul olsunlar. Öz əqidələrində möhkəm olsunlar."
|