İmam Hüseynin (ə) bütün həyatı bizim üçün örnək və ibrətdir - ilahiyyatçı03 Oktyabr 2016, 11:50 (GMT +4) Bakı, 3 oktyabr, SalamNews, M.Sadiq. "Məhərrəm ayı hicri təqviminə görə ilin başlanğıcı hesab olunsa da, İmam Hüseyn (ə) dostları, onu sevənlər üçün, ümumiyyətlə həqiqi müsəlmanlar üçün, İslam dünyası üçün bu ay xüsusi əhəmiyyətə malikdir".
Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Hacı Ağarəşid Talıbov bildirib.
Onun sözlərinə görə, məhərrəm ayının 1-də İmam Hüseyn (ə) sədaqətli və vəfalı dostlar ilə bir yerdə Kərbala adlı bir torpağa yetişib. Ona görə də biz məhərrəm ayının 1-dən İmamı yad edirik, həmin hadisələri insanların yadına salırıq, əza məclisləri keçiririk. Çünki İmamın bütün həyatı bizim üçün örnək və ibrətdir.
İlahiyyatçı deyib ki, məhərrəm ayında İmam Hüseynin (ə) Kərbəlaya gəlməsi və orada onun qarşısının alınması tarixi hadisələrdir. Amma hər bir tarixi hadisədə insanlar üçün ibrətlər var. Məhz elə ona görə, Allah Quranda keçmiş peyğəbərlərin hadisələrini bizim yadımıza salır ki, onlardan ibrət götürək. İmam Hüseynin (ə) həyatı da, xüsusi ilə Kərbəla hadisəsi başdan-ayağa bizim üçün bir ibrətdir.
Məhərrəm ayında digər aylarda olduğu kimi insanlar öz vacib ibadətlərini yerinə yetirməlidirlər. Bu ayın xüsusi bir əməli yoxdur. Sadəcə olaraq, bu ayda əzadarlıq saxlamaq, İmamı yad etmək tövsiyə olunub.
"Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Əzadarlıq bəzi insanların təqdim etdiyi kimi olmamalıdır. Çünki bu əzadarlıq barəsində insanlar 3 fikrə malikdirlər. Bir qism insanlar var ki, onlar əzadarlığı tamamilə bidət bilirlər. İkinci qism insanlar əzadarlığı vacib həddində bilir, hətta bəzən ifrata yol verirlər. Üçüncü qism insanlar isə nə əzadarlığı bidət bilirlər, nə də əzadarlıqda ifrada yal verirlər. Onlar hər bir məsələdə olduğu kimi haqq yolu, düz yolu tanıyırlar.
Biz əzadarlığı şəri, qanuni hesab edirik. Amma əzadarlığı yerinə yetirərkən gərək bizim üçün meyar şəriət məsələləri, ilahi qanunlar olsun. Onların əsasında biz öz əza məclislərimizi nizama sala bilərik", - deyə ilahiyyatçı bildirib.
|