GMİ-nin təşkilatçılığı ilə Gürcüstanda iftar verilib (FOTO)20 İyun 2016, 10:43 (GMT +4) Bakı, 20 iyun, SalamNews, M.Sadiq. Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərində İslam dünyasının ən şəfqətli və müqəddəs rəhmət ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal alıb.
Bu barədə SalamNews-a Gürcüstan Müsəlmanları İdarəsindən (GMİ) məlumat verilib.
Bildirilib ki, bölgələrdə Peyğəmbər (s) ümməti olan müsəlmanlar məzhəb və millətindən asılı olmayaraq birgə süfrə arxasında Ramazan sevincini yaşayır, birgə dualar edirlər.
Ötən axşam da Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə Tbilisidə yaşayan dindarlar və şəhərin din və ictimaiyyət xadimləri üçün iftar süfrəsi təşkil olunub. İftarda Tbilisidə olan müsəlman dövlətlərinin (Azərbaycan, İran, Türkiyə və İrak) səfirlik nümayəndələri də iştirak edib.
Məclisdə Azərbaycandan Gürcüstana qonaq olan İlkin Həsənzadənin qiraətində Quran tilavət olunub.
Sonra GMİ-nin şeyxi Hacı Ramin İgidov və müfti Hacı Yasin Əliyev çıxış edərək məclis iştirakçılarını salamlayıb, Ramazan ayının dini, mənəvi və sosial mahiyyətindən danışıblar. Bu ayın Allah qarşısında sədaqət və bəndəlik, insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd ediblər. Bu ay iftar süfrələri açıq olduğu kimi Allahın rəhmət və məğfirət süfrələrinin də açıq olduğu söylənilib.
Sonda mehriban yaradandan dünyaya sülh və barış, ölkəyə bolluq və firavanlıq, islam ümmətinə birlik və vəhdət, ailələrə sevinc və xoşbəxtlik nəsib etməsi, ibadətlərin qəbul olunması üçün dualar edilib.
|