Qazaxıstanda daha bir terror aktı törədilib08 İyun 2016, 12:48 (GMT +4) Bakı, 8 iyun, SalamNews, C.Nəzərov. Qazaxıstanın Aktyubin vilayətində axtarılan, iyunun 5-də silah mağazalarına və hərbi hissəyə hücum edən terrorçular bu səhər pioner düşərgəsinin mühafizəçilərini atəşə tutublar.
SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakanov məlumat verib.
“Bu gün Aktyubin vaxtı ilə saat 08:06-da ağ rəngli “Lada” avtomobilindən yivsiz lüləli tüfənglə pioner düşərgəsinin mühafizəsi atəşə tutulub.", - Jumakanov Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə söhbət zamanı söyləyib.
Söhbətin videosu dövlət başçısının mətbuat xidməti tərəfindən "Facebook"da yerləşdirilib.
Xatırladaq ki, bazar günü Aktobe şəhərində dini radikal qrup iki silah mağazası və hərbi hissəyə hücum edib. Nəticədə 7 nəfər ölüb, 37 nəfər yaralanıb. Onların əksəriyyəti hərbçilərdir.
Antiterror əməliyyatı zamanı Aktobedə 13 cinayətkar məhv edilib, doqquzu saxlanılıb. 6 nəfərin axtarışı isə davam edir.
Hücum terror aktı kimi tanınıb.
Aktobedə terror təhlükəsinin “qırmızı” səviyyəsi elan edilib. Bütün Qazaxıstan üzrə isə 40 günlük mülayim “sarı” səviyyə təyin olunub.
|