İstanbulda “Qurani-Kərim”in nazil olduğu ilk dövrə aid yazı nüsxələrinin sərgisi açılıb29 Aprel 2016, 13:44 (GMT +4) Bakı, 29 aprel, SalamNews. Suriyanın paytaxtı Dəməşqdən tapılan “Qurani-Kərim”in nazil olduğu ilk dövrlərə aid “Kifi” yazı növünün nüsxələri İstanbulda sərgilənir.
SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, “Möcüzə kitabının möhtəşəm xətti: Kifi” adlı sərgi Türk və İslam Əsərləri Muzeyində açılıb.
94-dək “Qurani-Kərim” nüsxəsinin nümayiş olunduğu sərgidə, həmçinin Xilafət və Osmanlı dövrlərinə aid nüsxələr də nümayiş olunur.
1917-ci ildə Dəməşqdə baş vermiş yanğından xilas edilən müqəddəs nüsxələr VIII və IX əsrlərə aiddir. Sərgidə təqdim olunan “Qurani-Kərim”in ilk nüsxələri Türk və İslam Əsərləri Muzeyinin yaradıcı heyəti tərəfindən İstanbula gətirilib və hazırda muzeyin ekspozisiyasında “Dəməşq sənədləri kolleksiyası” kimi qorunur. Yerli və xarici turistlərin ziyarəti üçün açıq olan sərgi mayın 30-dək davam edəcək.
Qeyd edək ki, “Kifi” yazı növü ərəb yazısının düz, yerli xətlərlə yazılan köhnə forma və islamiyyətin ilk əsrlərində “Himyeri” yazısının dəyişməsi ilə yaranan dik, sərt və künclü yazı növü olaraq tanınır. İslam xətt sənətində ən qədim yazı növü olan “Kifi” adını Kufə şəhərinin adından götürüb.
|