Çernobıl faciəsindən 30 il ötür 26 Aprel 2016, 09:00 (GMT +4) Bakı, 26 aprel, SalamNews, Ş.Nəzərli. Otuz il əvvəl - 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verib.
SalamNews-un məlumatına görə, stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib, "ölüm buludu”nun yerdə qalan hissəsini külək cənuba qovub.
Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaların əksəriyyətində əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də müşahidə olunmaqdadır.
AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz vəziyyətə gətirilməsi üçün keçirilən "Sarkofaq" əməliyyatında bütün müttəfiq resspublikalardan olduğu kimi, 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalıblar.
Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətindən verilən məlumata görə, hazırda Azərbaycanda 5 min Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb.
Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam ımzalayıb.
Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən mütəmadi zəruri tədbirlər həyata keçirilir. 1993-cü ildə qəbul edilmiş “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.
|