Aşura hərəkatının təbliğatçısı xanım Zeynəbin (s.ə) vəfat günüdür23 Aprel 2016, 10:57 (GMT +4) Bakı, 23 aprel, SalamNews, M.Sadiq. Hicri-qəməri tarixi ilə rəcəb ayının 15-i, yəni bu gün imam Əlinin (ə) qızı, imam Hüseynin (ə) Aşura hərəkatının tamamlayıcısı və təbliğatçısı həzrət Zəynəbi-Kubranın vəfat günüdür.
SalamNews-un məlumatına görə, xanım Zeynəb (s.ə.) hicrətin 6-cı ilində dünyaya gəlib və ömrünün ilk beş ilini babası Məhəmməd peyğəmbərlə (s) eyni zamanda yaşayıb.
Tarixi faktlara əsasən, həzrət Zeynəb (s.ə.) dünyaya gələrkən babası Məhəmməd (s) döyüşdə imiş. Buna görə həzrət Əli (s.ə.) onun adını qoymur və Peyğəmbəri (s) gözləyir. Peyğəmbər (s) döyüşdən qayıtdıqdan sonra Zeynəbi (s.ə.) öpüb qucaqlayır, onu atasına bənzədir və onu “Zeynəb”, yəni "atasının bəzəyi və zinəti" adlandırır.
Həzrət Zeynəb (s.ə) qardaşı imam Hüseynlə (ə) birlikdə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin (ə) şəhid edilməyindən sonra Şama əsir aparılan xanım Zeynəb (s.ə) qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca xalqa çatdırıb. Məhz buna görədir ki, həzrət Zeynəb (s.ə) imam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir.
Xanım Zeynəbin (s.ə) məqbərəsi Suriyanın paytaxtı Dəməşqdə yerləşir. Suriyada təkfirçi və radikal qruplaşmaların təcüvüzü nəticəsində bu müqəddəs məkan dəfələrlə dağıntılara məruz qalıb.
Bu, o deməkdir ki, 14 əsr əvvəl Kərbəla faciəsində Yezid və əlaltıları vasitəsilə Əhli-beytə qarşı aparılan vəhşi siyasət indi də yezidin varislərinin əli ilə həyata keçirilir.
|