Rusiya Türkiyə məhsullarına qoyulmuş embarqonun genişləndiriləcəyini istisna etmir
30 Mart 2016, 10:05 (GMT +4) Bakı, 30 mart, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Rusiya Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmət rəhbəri Sergey Dankvert Türkiyədən gələn bütün bitkiçilik məhsullarının çatdırılmasına qadağa tətbiqini istisna etməyib: “Biz ümumiyyətlə gətirilən (Türkiyədən) bütün bitkiçilik məhsullarının çatdırılmasına məhdudiyyət tətbiq etməli olacağıq. Bu, bir ay ərzində baş verə bilər.”
Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.
Dankvertin sözlərinə əsasən, bundan əvvəl söhbət qadağadan gedərkən Türkiyə tərəfinin təmsilçiləri yaranan fikir ayrılıqları ilə əlaqədar danışıqlar aparmaq üçün gəlirdilər. Hazırda onlar yalnız məktublarla kifayətlənirlər və məktublarda pozuntuların aradan qaldırılması üzrə “düzəliş tədbirləri həyata keçirilib” deyə məlumat verirlər: “Bazar isə axı, bizimdir. Siz bizi inandırın ki, bunlar (tədbirlər) kifayətdir. Xeyr, inandıra bilmədiniz. Bu səbəbdən biz hazırda məhsulun hər hansı bir hissəsini dayandırmaqdan başladıq, bundan sonra isə aşkarladığımız pozuntulara müvafiq hərəkət edəcəyik.
Düşünürəm ki, ya adlar üzrə, ya da bütün malların hamısına eyni zamanda tətbiq edəcəyik (məhdudiyyətlər), çünki əlaqə alınmayacaqsa, müzakirə baş tutmayacaqsa, o zaman bütün mallara tətbiq etmək (məhdudiyyətlər) lazım gələcək. Siz ya gəlin müzakirələr aparın, ya da özünüz öz yolunuzu seçin. Biz dilə tutub razı sala bilmərik.”
Xatırladaq ki, 2016-cı il 1 yanvar tarixindən etibarən Rusiya Türkiyədən bəzi növ meyvə və tərəvəzlərin ölkəyə daxil olmasına qadağa tətbiq edib.
|