Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışları başlayıb05 Mart 2016, 14:01 (GMT +4) Bakı, 5 mart, SalamNews. Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) dünya kuboku yarışları start götürüb.
SalamNews xəbər verir ki, Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur.
Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir. Ümumilikdə yarışlarda 17 ölkədən 77 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparır. Bunlardan 46-sı kişi, 31-i isə qadındır.
Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq Azərbaycan çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri – “Bakı-2015”in finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.
İlk günündə təsnifatı keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq. Yarışlar vaxtı izləyicilər də diqqətdən kənar qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.
|