Moskvada xanım Zeynəbin (ə) mövludu qeyd edilib15 Fevral 2016, 17:16 (GMT +4) Moskva, 15 fevral, SalamNews, İ.Rüstəmov. Moskvada "İnam" məscidində Həzrət İmam Əlinin (ə) qızı Həzrət xanım Zeynəbin (ə) mövludu günü qeyd edilib.
SalamNews xəbər verir ki, Əhli-beyt tarixində xüsusi rol oynayan, adı Həzrət Məhəmməd (s) peyğəmbər tərəfindən qoyulan Həzrət Zeynəbin (ə) mövlud mərasiminə yüzlərlə mömin toplaşıb. Tədbir ilk öncə müqəddəs Qurani-kərimdən ayələrin oxunması ilə başlanıb.
İlahiyyatçılar - Seyid Ağa Rəşid Talıblı, Asif Bağırov və digərləri çıxışlarında Əhli-beytin həyatını, davranışlarını, müsbət keyfiyyətlərini hər bir müsəlmanın özü üçün nümunə seçməsinin əhəmiyyətini qeyd ediblər. Natiqlər xanım Zeynəbin (ə) Aşura faciəsindəki rolunu da qeyd ediblər. Onun İmama Hüseynlə (ə) başdan bəri birlikdə olduğunu xatırladaraq, İmam Hüseynin (ə) şəhid edilməsindən sonra Aşura faciəsinin mahiyyətini və hədəfini müsəlmanlara lazımınca çatdırdığını bildiriblər.
“Xanım Zeynəb həyatı boyu bütün faciələrin şahidi olub. Əmirəlmöminin Əli əleyhissalamın, İmam Həsənin, ən sonda İmam Hüseynin faciəsinin canlı şahidi olub. Nitqi, kamalı, izzəti ilə bu faciələri möminlərə çatdırıb” deyən “İnam” məscidinin axundu Elşad Sükürov xanımın Əhli-beyt tarixindəki rolunu şərh edib.
Mövlud tədbiri Bakıdan təşrif buyurmuş Zahir Mirzəvinin çıxışları ilə davam etdirilib.
|