Müəllimlərin ixtisasartırma keçmələri barədə yeni mexanizm hazırlanacaq - nazirlik01 Dekabr 2015, 16:09 (GMT +4) Bakı, 1 dekabr, SalamNews, K.Aysel. “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmasından sonra ali təhsil müəssisələri müəllimlərinin ixtisasartırma keçmələri barədə yeni mexanizmin hazırlanması nəzərdə tutulur”.
Bunu SalamNews-a Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 2.1.3-cü bəndinə əsasən ali təhsil müəssisələrində əlavə təhsil üzrə strukturların, o cümlədən ixtisasartırma qurumlarının yaradılması nəzərdə tutulur və bununla bağlı müvafiq hazırlıq işləri görülməkdədir.
O qeyd edib ki, burada məqsəd ali təhsil ocaqlarında tədris aparan müəllimlərin təcrübə keçməsi, onların ixtisaslarının artırılması, müasir innovativ tədris metodlarına yiyələnməsi və s. xüsusiyyətləri əldə etmələridir. Nəticədə müəllimlər əlavə ixtisasartırma təhsili alma hesabına təkmilləşəcək və tədrisi müasir tələblərə cavab verən şəkildə təşkil edə biləcəklər.
“Ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ixtisasartırma təhsili əsasən Azərbaycan Müəllimlər İnstitutunda həyata keçirilirdi. İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirməklə fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə həyata keçirilən təhsil növüdür”, - deyə şöbə müdirinin müavini qeyd edib.
İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.
|