MDB PA-nın müşahidəçilər missiyasının üzvləri Gəncəyə gəlib (FOTO)
Gəncə, 19 oktyabr, SalamNews, Q.Rəhimli. Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçilər missiyasının bir qrup üzvü Gəncəyə gəlib.
SalamNews-un bölgə müxbirinin xəbərinə görə, MDB PA-nın müşahidəçilər missiyasının üzvləri ilə Gəncə şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə seçkilərə hazırlıqla bağlı görülən işlər barədə müşahidəçilər missiyasının üzvlərinə ətraflı məlumat verib.
Bildirilib ki, qrup Milli Məclisin dəvəti ilə Azərbaycana gəlib və məqsəd noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyətini öyrənmək, seçkilərin keçirilməsini müşahidə etməkdir.
Seçkilərlə bağlı ilk müşahidələrini Gəncədən başlayan qrup üzvləri burada dairə seçki komissiyalarında, həmçinin seçki məntəqələrində olacaqlarını bildiriblər. MDB PA-nın müşahidəçilər missiyasının üzvləri hər bir deputat yerinə 7-8 namizədin olmasını müsbət hal kimi dəyərləndirib, bunu xalqın iradəsinin ifadəsi kimi əlaqələndirərək seçkinin ən böyük qarantının da xalqın inamı olduğu xüsusi vurğulayıblar.
MDB-nin PA-nın Beynəlxalq Monitorinq İnstitutunun direktoru Andrey Baranov jurnalistlərə deyib: "Məqsədimiz Azərbaycanda seçki sisteminin səsverməyə hazırlığının vəziyyəti ilə tanışlıq, dairə və məntəqə seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinə əmin olmaqdır. Seçkiqabağı təşviqatın başlandığı üçün istəyirik namizədlərin seçkiqabağı təşviqatının gedişini şəxsən izləyək. Dairələrdə bir yerə 7-8 namizədin olması seçkilərin demokratik şəraitdə keçməsi üçün böyük imkanlardan xəbər verir və Azərbaycan xalqının öz ifadəsini ifadə etməsi üçün geniş imkanları olduğunu bildirir".
Müşahidəçilər missiyasının üzvləri Azərbaycanda parlament seçkilərinin demokratik, şəffaf keçəcəyinə əminlik ifadə ediblər.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.