Qədir-xum bayramı vəhdət mehvəri olmalıdır - GMİ sədri02 Oktyabr 2015, 10:36 (GMT +4) Bakı, 2 oktyabr, SalamNews. Qədir-xum bayramında Gürcüstanın bir çox müsəlmanlar yaşıyan yerlərində müxtəlif formalarda bayram mərasimləri keçirilir.
Bunu SalamNews-a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) sədri Hacı Ramin İgidov bildirib.
O deyib ki, Qədir-xumun həqiqətlərini çatdırmaq İslam ümmətinin vəhdətinə səbəb ola bilər. Müsəlmanların ortaq keçirdikləri bayramlar çoxdur. Neçə illərdir ki, həzrət Peyğəmbərimizin (s) doğum günü də “Vəhdət” bayramı kimi qeyd olunur. Zənnimcə həzrət Əli(ə) hər iki məzhəb tərəfindən qəbul olunan üstün şəxsiyyət, imam və xəlifədir və eyni zamanda, Qədir-xum hadisəsi də hər iki məzhəbin qaynaq kitablarında mövcuddur. Məhz, bu ortaqlıqlara görə Qədir-xum bayramı vəhdət mehvəri olmalıdır.
Şübhəsiz, həzrət Peyğəmbərimizin(s) Qədir-xumda bizə tapşırığı təkcə həzrət Əlinin (ə) Onun canişini və İslam ümmətinin rəhbəri olması deyildi. Eyni zamanda, müsəlmanlara “Quran” və “İtrət” ətrafında cəmləşməyi, birləşməyi, itaət etməyi idi. İslam ümmətinin parçalanmasının və ixtilafların yaranmasının ən başlıca amili kimi bu əmanətlərə və tövsiyələrə biganə qalmaqdır. Bu gün Qədir-xum mesajını tanımayanların vahid İslam ümməti anlayışına hansı zərbələr vurduqlarının şahidi oluruq.
Ramin İgidov həmçinin Qədir-xum bayramı münasibəti ilə bütün müsəlmanları o cümlədən Azərbaycan xalqını təbrik edib.
|