AZƏRBAYCAN » SİYASƏT
20 Aprel 2023, 16:40 (GMT +4)

Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

İstanbul, 20 aprel, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

SalamNews-un xəbərinə görə, Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulmaq tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.