AZƏRBAYCAN » SİYASƏT
06 Aprel 2023, 16:40 (GMT +4)

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı “persona-non-qrata” elan olunub

İstanbul, 6 aprel, SalamNews. Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə SalamNews-a XİN-dən məlumat verilib.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.