DÜNYA » SİYASƏT
19 Yanvar 2023, 10:15 (GMT +4)

İsrail qüvvələrinin hücumu nəticəsində iki fələstinli həlak olub

Bakı, 19 yanvar, SalamNews, S.Bağırov. İşğal altında olan İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində İsrail qüvvələrinin hücumu nəticəsində azı iki fələstinli həyatını itirib.

SalamNews bu barədə Fələstin İnformasiya Agentliyinə istinadən məlumat verir.

Məlumata görə, İsrail qüvvələri şəhərə bitişik Cenin qaçqın düşərgəsinə hücum ediblər. Vaxtilə İsrail həbsxanalarında məhkumluq dövrü keçirmiş 58 yaşlı Fərid Həsən Bavaqna, habelə digər bir fələstinli həlak olublar.

Digər tərəfdən Fələstinin “əl-Qassam Batalyonları” və “Arinul-Asad” hərbi briqada və qrupları elan ediblər ki, gecə saatlarında İsrail qüvvələrinə qarşılıq veriblər.

Qeyd edək ki, İsrail 1967-ci ildə İordan çayının qərb sahili bölgələrini işğal edib. İsrail qüvvələri burada bəzi şəhərlərin içinə doğru nüfuz edə bilmir. Bu, həmin bölgənin Fələstin Muxtariyyəti Administrasiyasının tam nəzarətində olan, ya da fələstinli hərbi briqadaların fəal olduğu massivlərdir.