DÜNYA » SİYASƏT
09 Dekabr 2022, 11:36 (GMT +4)

Pentaqon: Ukraynaya hərbi yardım ABŞ-ın Tayvanı silahla təmin etməsinə mane olmur

Bakı, 9 dekabr, SalamNews. ABŞ silahlarının Ukraynaya tədarükü Tayvana hərbi yardımı çətinləşdirmir, çünki ada üçün yeni Amerika texnikası nəzərdə tutulub. 

SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib. 

"ABŞ-ın Ukraynaya dəstəyi bizim digər ölkələrlə silah müqavilələrimizi yerinə yetirmək və ya Tayvanı dəstəkləmək qabiliyyətimizə mənfi təsir göstərmir. Əslində, Ukrayna ətrafındakı vəziyyətdən çoxsaylı dərslər çıxarılıb. Konqresdə hərbi sənaye kompleksinin inkişafı üçün əhəmiyyətli dəstək var", deyə Hiks vurğulayıb.

Onun sözlərinə görə, Tayvanı dəstəkləmək nöqteyi nəzərindən ABŞ-da silah istehsalının artırılması "həyati əhəmiyyət daşıyacaq". 

Pentaqon rəhbərinin müavini bildirib ki, Ukrayna tərəfinə və Tayvana yardımın göstərilməsinin bir-biri ilə "əlaqəsi yoxdur".  

"Biz Ukraynaya texnikanı öz anbarlarımızdan göndəririk", deyə Pentaqon rəsmisi vurğulayıb. 

Hiks Kiyevə silah tədarükünü işlənmiş avtomobillərin göndərilməsi ilə müqayisə edib.

"Tayvan üçün bizim yeni maşınlarımız var", deyə Hiks əlavə edib. 

Onun sözlərinə görə, burada söhbət Tayvana yeni “Javelin” tank əleyhinə raket komplekslərinin, daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemlərinin, eləcə də digər silahların göndərilməsindən gedir.