RUSİYA » SİYASƏT
03 Oktyabr 2022, 15:37 (GMT +4)

Peskov: Rusiya Ukraynanın NATO-ya daxil olmaq cəhdini diqqətlə izləyir

Bakı, 3 oktyabr, SalamNews. Moskva Kiyevin NATO-ya daxil olmaq cəhdi ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir.

SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın alyansa qoşulmaq istəyinin xüsusi hərbi əməliyyatın səbəblərindən biri olduğunu xatırladaraq bildirib.

"Biz bu qərarı çox diqqətlə izləyirik. Və xatırlayırıq ki, Ukraynanın NATO-ya istiqamətlənməsi və Ukraynanın NATO-ya gələcək üzvlüyünün təsdiqlənməsi xüsusi hərbi əməliyyatın səbəblərindən birinə çevrilib.

Kreml sözçüsü Kiyevin bəyanatına alyans ölkələrinin fərqli reaksiyalar nümayiş etdirmələrinə də diqqət çəkib.

"Ukraynanın NATO-ya sürətli şəkildə daxil olmasını dəstəkləyən ölkələr də var, dəstəkləməyənlər də. Hər halda hamı konsensus qaydasına istinad edir", deyə Peskov bildirib. 

Ötən cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb. Təşkilatın baş katibi Yens Stoltenberq jurnalistlərin alyansın belə bir müraciətə baxmağa hazır olub-olmaması ilə bağlı birbaşa sualına cavab verməyib.