DÜNYA » SİYASƏT
03 Oktyabr 2022, 14:50 (GMT +4)

Litva DİN: Rusiyalıların ölkəyə girişinə qadağa qoyulduğu iki həftə ərzində 300-dən çox insan ölkəyə buraxılmayıb

Bakı, 3 oktyabr, SalamNews . Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi Rustamas Lyubaevas deyib ki, etibarlı Şengen vizası olan Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulduğu müddətdə Baltikyanı respublika 300-dən çox insanın sərhədi keçməsinə icazə verməyib. 

SalamNews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Sentyabrın 19-dan etibarən statusu Litvaya daxil olmağa icazə verməyən 305 nəfər tətbiq edilən məhdudiyyətlər nəzərə alınaraq Litvaya buraxılmayıb", deyə Lyubayevas bildirib. 

Agentliyin məlumatına görə, sentyabrın 19-dan indiyədək 19500-ə yaxın rusiyalı sərhədi ümumi qaydada keçib. Onlar əsasən Kalininqrad vilayətinə gedən tranzit sərnişinlər olub. 

Sentyabrın 19-dan etibarən Estoniya, Latviya, Litva və Polşa rusiyalıların pasportlarında etibarlı Şengen vizası olsa belə, ölkəyə girişi bağlayıb. 

Giriş qadağası turizm məqsədi ilə səyahət edən şəxslərə şamil edilir. Qohumları ilə görüşmək və digər humanitar səbəblərdən bu ölkələrdən birinə daxil olmaq istəyənlərin girişinə icazə verilir. 

Həmçinin sentyabrın sonundan etibarən Polşada Şengen vizası olan Rusiya vətəndaşlarının hava və dəniz limanları vasitəsilə ölkəyə girişinə qadağa qoyulub, rusiyalılara sadələşdirilmiş şərtlərlə iş icazələrinin verilməsi dayandırılıb.