DÜNYA » SİYASƏT
24 Avqust 2022, 08:47 (GMT +4)

Ərdoğan: İsrailin Qüds və Əl-Əqsanın statusunda hər hansı bir dəyişiklik həyata keçirməsini qəbul etmirik

Bakı, 24 avqust, SalamNews, B.Samid. “Biz Qüdsün və Məscidül-Əqsanın statusunun dəyişdirilməsinə yönəlmiş heç bir hərəkəti heç vaxt qəbul etmirik və İsrail tərəfinə qəti mövqeyimizi çatdırmışıq.”

SalamNews Anadolu.Arabic-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla birgə keçirilən mətbuat konfransında deyib.

Türkiyə prezidenti fələstinli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib:

“İsraillə münasibətlərimizdə atdığımız addımlar Fələstin məsələsinə dəstəyimizi heç bir şəkildə azaltmayacaq. Biz Qüdsün və Məscidül-Əqsanın statusunun dəyişdirilməsinə yönəlmiş heç bir hərəkəti heç vaxt qəbul etmirik.”

Prezident Ərdoğan Fələstin liderini Ankarada qəbul etməkdən xoşbəxt olduğunu bildirib və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən may ayında Ramallaha səfər etdiyini və səfər çərçivəsində Türkiyə-Fələstin Ortaq Komitəsinin ikinci iclasının keçirildiyini diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Fələstinin Baş naziri Məhəmməd Aştiyyə iki həftə əvvəl Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edib və oyunlarda medal qazanan fələstinli idmançıları təbrik edib.

Ərdoğan Mahmud Abbas və onu müşayiət edən nümayəndə heyəti ilə Türkiyə-Fələstin əlaqələrinin daha da inkişaf etdirilməsi yollarını müzakirə etdiklərini bildirib.

O, Fələstinin türk xalqının qəlbində müstəsna yeri olduğunu, Türkiyənin Fələstin xalqı ilə həmrəyliyini davam etdirdiyini və onun məsələsini ən güclü şəkildə dəstəklədiyini qeyd edib.

Ərdoğan İsrailin Qəzza zolağında dinc sakinlərin ölümünə səbəb olan son hücumlarını Türkiyənin açıq şəkildə pisləməsinə də toxunub. O, hücumlarda yaralanan iki uşağın valideynlərinin müşayiəti ilə təcili tibbi yardım və müalicə olunmaq üçün Türkiyəyə gətirildiyini deyib.