AZƏRBAYCAN » CƏMİYYƏT
08 Avqust 2022, 14:38 (GMT +4)

Polis Zaqatalada əməliyyat keçirib, saxlanılan var

Bakı, 8 avqust, SalamNews. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SalamNews-a verilən məlumata görə keçirilən tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə M.Murtuzovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.