DÜNYA » SİYASƏT
02 Dekabr 2021, 09:42 (GMT +4)

İran Fordo nüvə obyektində yeni nəsil sentrifuqaları ilə uranı 20 faizlik zənginləşdirməyə başlayıb - Reuters

Bakı, 2 dekabr, SalamNews, B.Samid. İran nüvə sazişinin bərpası ilə bağlı danışıqlar fonunda qarşı tərəfə təzyiq göstərmək məqsədilə Fordo adlı nüvə obyektində uranın zənginləşdirilməsilə bağlı yeni addımlara başlayıb.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, Beynəlxaql Atom Enerjisi Agentliyinin mənbələri Fordo nüvə obyektində uranın yeni müstəvidə zənginləşdirilməsi istiqamətində addımların atıldığını bildiriblər.

Bildirilib ki, İran Fordo-da yeni nəsil İR-6 sentrifuqa cihazları ilə uranın 20 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə start verib.

Xatırladaq ki, İran iki ay öncə Nətənzdə uranın zənginləşdirilməsi işlərinin 60 faizə çatdırıldığını və digər tərəfdən uran metalının istehsalına başladığını bildirib. İran tərəfi bu addımları ABŞ-ın nüvə sazişindən çıxaraq sərt sanksiyalara başlaması, nüvə təsisatlarına qarşı təxribatlar və alimlərinin terrora məruz qalması ilə əlaqələndirir.

Qeyd edək ki, hazırda İranla 4+1 dövlətləri, eləcə də vasitə ilə ABŞ arasında nüvə sazişinin bərpası ilə bağlı Vayanda danışıqlar aparılır.