DÜNYA » SİYASƏT
21 Oktyabr 2021, 17:34 (GMT +4)

Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

Bakı, 21 oktyabr, SalamNews, B.Samid. Tripolidə “Liviyada sabitliyə dəstək” beynəlxalq konfransı bu gün işinə başlayıb.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Liviyanın paytaxtı Tripoli bu gün Birləşmiş Millətlər Təşkilatının, regional təşkilatların, bir sıra ərəb və qərb ölkələrinin nümayəndələrinin iştirakı ilə ölkənin sabitliyini dəstəkləmək üçün beynəlxalq konfransa ev sahibliyi edəcək.

Konfransın davamı Sirt şəhərində keçiriləcək.

Avropa Birliyi, Ərəb Dövlətləri Liqası, Afrika Birliyi, Təhlükəsizlik Şurasının beş daimi üzvü və Liviya münaqişəsi ilə maraqlanan ölkələrin nümayəndələri Liviyanın sabitliyinə dəstək konfransına qatılacaq. İştirakçı ölkələr arasında Fransa, İtaliya, Misir, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Əlcəzayir, Tunis, Çad və Sudan da var. 31 ölkənin xarici işlər nazirlərinin qatılacağı konfransda Liviya böhranının köklü həlli üçün yollar müzakirə ediləcək.

Qeyd edək ki, bu konfransın başlamasına bir neçə gün qalmış Liviya hökuməti, bütün Liviya partiyalarına və beynəlxalq tərəflərə çağırış edərək, qarşılıqlı inam və etimadın əldə edilməsi, ədalətli seçkilərin keçirilməsi naminə tədbirlərə başlayıb. Müvəqqəti hökumətin başçısı Əhməd Dbeybanın sözlərinə görə bu konfransdan əsas məqsəd hamını keçiriləcək şəffaf seçkilərin nəticələrinə hazırlamaq və hamını bunu qəbul etməyə sövq etməkdir.

Təşəbbüs həmçinin Liviyanın suverenliyinə hörmət etmək, onun daxili işlərinə qarışmamaq, silah embarqosunun həyata keçirilməsi və hərbi müdaxiləyə son qoymaq üçün tam öhdəlik götürməyə çağırır.