DÜNYA » SİYASƏT
21 Oktyabr 2021, 09:58 (GMT +4)

Əfqanıstanla bağlı Moskvada keçirilən toplantıda bəyanat verilib: Talibanla əməkdaşlıq olmalıdır lakin...

Bakı, 21 oktyabr, SalamNews, B.Samid. “Mövcud vəziyyətdə Talibanın təşkil etdiyi hökumətlə əməkdaşlıq lazımdır, lakin hərəkat əhatəli hökumət təşkil etməlidir.”

SalamNews RT-ə istinadla xəbər verir ki, bu fikirlər Moskvada Əfqanıstanla bağlı ötən gün keçirilən toplantının bəyanatında yer alıb. 

Bəyanatda Əfqanıstanda mövcud vəziyyəti nəzərə alaraq Talibanın təşkil etdiyi hökumətlə əməkdaşlıq etməyin zəruri olduğu bildirilib və bununla yanaşı hərəkatdan ölkədə bütün siyasi qüvvələrin və irqlərin qatıla biləcəyi əhatəli hökumətin təşkili tələb olunub.

Bu bəyanatda deyilir ki, Əfqanıstana humanitar yardımları təmin etmək üçün BMT-nin başçılığı ilə donorların iclası keçirilməli və bu işdə 20 ildir Əfqanıstanda hərbi müdaxilə etmiş dövlətlər daha çox məsuliyyət daşımalıdırlar.

Bəyanatda Əfqanıstanın istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü məsələsinə təkidlə yanaşılıb, eləcə də bu ölkədə terror qruplarının ayaq açmaması, narkorik maddələrin istehsalı, tranziti və qaçaqmalçılığına qarşı müntəzəm mübarizənin aparılması tələb edilib.