DÜNYA » SİYASƏT
16 Oktyabr 2021, 08:43 (GMT +4)

Əfqanıstanda məscidin partladılmasını İŞİD üzərinə götürüb, şəhidlərin sayı 62-ə çatıb (FOTO)

Bakı, 16 oktyabr, SalamNews, B.Samid. Əfqanıstanın Qəndəhar əyalətində şiələrin Fatimiyyə adlı  məscidində ötən gün cümə namazı vaxtı törədilən partlayışda ölənlərin sayı 62-ə çatıb. Bu hücumu İŞİD üzərinə götürüb.

SalamNews xarici mətbuata istinadla xəbər verir ki, İŞİD terror təşkilatına aid “əl-Əmaq agentliyi” sosial şəbəkələrdəki hesabları üzərindən, ötən gün Qəndəharda törədilən terroru üzərinə götürüb.

Terror təşkilatı bildirib ki, hücum Ənəs Xorasani və Əbu-Əli əl-Bəluçi adlı üzvləri tərəfindən Qəndəharda “şiələrin məbədi”nə qarşı həyata keçirilib.

Qəndəharın səhiyyə mənbələri bu hücum nəticəsində ölənlərin sayının 62-ə çatdığını bildiriblər.

Xatırladaq ki, ötən həftənin cümə günü Künduz əyalətində şiələrin məscidində törədilən partlayış nəticəsində azı 80 nəfər şəhid olmuş və 140 nəfər yaralanmışdı. İŞİD bəyanat yayaraq bu hücumun, təşkilatın Məhəmməd Uyğur adlı üzvü tərəfindən həyata keçirildiyini və bu hücumda "həzarə şiələrin məbədi"nin hədəfə alındığını elan etmişdi.