DÜNYA » SİYASƏT
06 Oktyabr 2021, 16:32 (GMT +4)

Fələstin dövləti olmayacaq – İsrail naziri

Bakı, 6 oktyabr, SalamNews, B.Samid. “İsrail təcrübə əldə edib ki, çıxdığı yerdə və boş qoyduğu yerdə düşmənləri yerləşib. Livanın cənubu və Qəzzanı buna misal gətirmək olar. İki dövlətin təsisi baş tutmayacaq.  Biz sülhə inanırıq, fələstinlilərin yaşamının yaxşılaşdırılmasına inanırıq və müştərək sənaye layihələrin icrasına inanırıq, lakin ordusu olan dövlətə yox. Hazırki vəziyyət hamı üçün yaxşıdır.”

SalamNews xəbər verir ki, bunu İsrailin daxili işlər naziri Ayelet Şaket deyib.

Şaked BƏƏ səfərində "The National" qəzetinə verdiyi müsahibədə,  Fələstin dövlətinin qurulması ilə əlaqədar olaraq, indiki baş nazir Naftali Bennett və ya Yair Lapidin başçılıq etdiyi İsrail hökumətinin razılaşması çərçivəsində Fələstin dövlətinin qurulmasının müzakirə edilməyəcəyini bildirib.

O bildirib ki, iki dövlətin təsis edilməsi məsələsi hazırki İsrail hökumətində müzakirə edilməyəcək və ordusu olan bir Fələstin dövləti olmayacaq.

Qeyd edək ki, Ərəb dövlətləri 2002-ci ildə qəbul etdikləri təşəbbüsə əsasən İsraili yalnız iki dövlətin təsisi və Qüdsün şərqinin Fələstinin paytaxtı olacağı təqdirdə Təl-Əvivlə münasibətləri normallaşdıracaqlarını deyiblər. Lakin buna baxmayaraq Donald Tramp administrasiyasının təşviqi və təzyiqi ilə ötən il daha dörd ərəb dövləti İsraillə əlaqələrin normallaşdırdıqlarını elan ediblər.