DÜNYA » SİYASƏT
05 Oktyabr 2021, 10:19 (GMT +4)

ABŞ və İsrailin Milli Təhlükəsizlik Şuraları İranın nüvə proqramı haqda birgə toplantı keçirir

Bakı, 5 oktyabr, SalamNews, B.Samid. Gələn iki gün ərzində ABŞ və İsrailin Milli Təhlükəsizlik İdarələrinin nümayəndə heyətləri arasında görüş keçiriləcək.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat veriblər.

Bildirilib ki, gələn iki gün ərzində İsrailin və ABŞ-ın Milli Təhlükəsizlik İdarələrinin nümayəndə heyətləri arasında İranın nüvə proqramının vəziyyəti barədə toplantı keçiriləcək.

Adı çəkilməyən ABŞ diplomatı bildirib ki, bu görüşdə Bayden Administrasiyası İsrail tərəfə, İranla məsələlərin diplomatik yolla həll edilməsinin gündəmdə olduğunu çatdıracaq.

Həmçinin əlavə edilib ki, “ABŞ tərəfi bu görüşdə İranın nüvə silahını əldə edə bilməməsi üçün lazım gələrsə “digər seçimləri” də müzakirə edəcək.”

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.