DÜNYA » SİYASƏT
23 Sentyabr 2021, 13:35 (GMT +4)

Səudiyyə Ərəbistanı və İran ikitərəfli faydalı danışıqları davam etdirdiklərini bildiriblər

Bakı, 23 sentyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizin İranla danışıqlar haqda çıxışından sonra rəsmi Tehran da ikitərəfli faydalı danışıqlardan söz açıb.

SalamNews xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu günkü açıqlamasında Səudiyyə Ərəbistanı ilə rəsmi Tehran arasında fayladı danışıqların davam etdiyini bildirib.

İran XİN sözçüsü bildirib ki, Səudiyyə Ərəbistanı ilə Bağdadda aparılan danışıqlar dayanmayıb və yeni administrasiya da bu danışıqları davam etdirir.

“Səudiyyə Ərəbistanı İranın bu sözünü eşitməlidir ki, regionda olan problemlərin həllinin açarı regiondan kənarda deyil”, deyə İran XİN sözçüsü bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz ötən gün BMT Baş Assambleyasının toplantısında virtual çıxışı zamanı İranı qonşu dövlət adlandırıb və onunla aparılan danışıqların nəticə verəcəyini ümidvar olduğunu açıqlayıb.