AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
20 Sentyabr 2021, 17:05 (GMT +4)

Azərbaycanda internetlə bağlı problemlər və həll yolları müzakirələr edilib

Bakı, 20 sentyabr, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)yanında İctimai Şuranın növbəti iclası keçirilib.

SalamNews bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Şura üzvləri ilə yanaşı, “Avirtel”, “Sazz-LTE”, “Smart systems technology”, “Azintex” internet provayderlərinin rəhbərləri və internet üzrə ekspert Eldar Cəfərov iştirak edib.

İclasda internetlə bağlı problemlərin araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb.

Şuranın sədri Siruz Abasbəyli çıxış edərək bu toplantının nazirlikdə keçiriləcək birgə görüşün ilkin müzakirəsi olduğu və bu işdə rəhbərliyin Şuranın sədr müavini Qalib Qurbanova həvalə edildiyini diqqətə çatdırıb. Q.Qurbanov çıxışında hazırda ölkəmizdə internet sahəsində böyük nailiyyətlərin əldə olunduğunu söyləyib. Şuranın sədr müavini əlavə edib ki, bu sahədə müəyyən problemlər də mövcuddur.

“Şura olaraq bu gün NRYTN-nin problemlərin həlli istiqamətində addımlar atmağa hazır olduğu və diqqət ayırdığını müşahidə edirik”, – deyə Q.Qurbanov vurğulayıb.

Sonra internet provayderlərinin rəhbərləri bu sahə üzrə mövcud problemləri səsləndiriblər.