AZƏRBAYCAN » MƏDƏNİYYƏT
18 Sentyabr 2021, 14:51 (GMT +4)

Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

Bakı, 18 sentyabr, SalamNews. Bu gün bizim üçün əlamətdar gündür. Üzeyir Hacıbəylinin dünyaya göz açdığı günü Milli Musiqi Günü kimi qeyd edirik. Çox sevinirik ki, bu əlamətdar günü qeyd edərkən Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandanımız və müzəffər ordumuz bizə bu sevinci bəxş edib. Şuşamıza ruhumuzu və mədəniyyətimizi qaytarmışıq.

SalamNews-un məlumatına görə, bu sözləri mədəniyyət naziri Anar Kərimov Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Milli Musiqi Günü eyni zamanda Şuşada qeyd edilir:

"Görkəmli şəxsiyyətin və digər qarabağlı mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır ki, onlar öz mədəniyyətlərinə, torpaqlarına qovuşublar.

Ənənəvi olaraq beynəlxalq Üzeyir Hacıbəyli festivalı keçirilir və bu il də o ənənəyə sadiq qalaraq, sentyabrn 18-dən 24-nə qədər ölkəmizin müxtəlif şəhərlərində - Şuşada, Gəncədə, Ağdamda Milli Musiqi Günü ilə bağlı tədbirlər keçiriləcək.

Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını, onun yaratdığı ölməz əsərləri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbliğ edəcəyik.”