DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 14:41 (GMT +4)

Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. Pakistan baş naziri Əfqanıstanda bütün qüvvələrə şamil olacaq hökumətin təşkili üçün Talibanla danışıqlar aparır.

SalamNews xəbər verir ki, Pakistanın baş naziri İmran Xan bunu rəsmi tvitter səhifəsində yazıb.

İmran Xan bildirib ki, Tacikistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının iclasında Əfqanıstanla qonşu dövlətlərin rəsmilərilə görüşdükdən sonra Talibanla danışıqlara başlayıb.

Pakistan baş nazirinin sözlərinə görə, o, Talibanla Əfqanıstanda həzarə, tacik, özbək və sair millətlərin nümayəndələrinin iştirak edəcəyi hökumətin təşkili haqda danışıqlar aparacaq.

O həmçinin bildirib ki, Pakistanın Talibana dəstəyi ilə bağlı iddialar Hindistan tərəfindən ortaya atılıb.