DÜNYA » SİYASƏT
17 Sentyabr 2021, 12:15 (GMT +4)

Tacikistanda İran prezidenti ilə Ermənistan baş naziri arasında görüş baş tutub

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Tacikistan paytaxtında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

SalamNews xəbər verir ki, İran prezidenti və Ermənistan baş naziri bu görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf yollarını müzakirə ediblər.

İranla Ermənistanın dostluq əlaqələrinə malik olduqlarını deyən İbrahim Rəisi, Tehran və Yerevan siyasi rəhbərliyinin siyasi iradəsilə geniş iqtisadi əlaqələrin və əməkdaşlığın yeni dönəminin başlaya biləcəyini bildirib.

İranla Ermənistanın iqtisadi əlaqələrinin yeni müstəviyə qaldırmağın zəruri olduğunu bildirən prezident İ. Rəisi, nəqliyyat, enerji mübadiləsi, müştərək istehsal layihələri, maliyyə mübadilələri  və sair sahələrdə ixtisaslı işçi qruplarının təşkilinin vacib olduğunu qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində iki ölkə əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyindən danışıb və İbrahim Rəisinin, qonşularla münasibətlərin rəsmi Tehran üçün prioritet olması fikrini alqışlayıb.

“İranın regiondakı rolu həmişə sabitlik yaradan olub. Biz bölgədəki münaqişələrin həll edilməsində İranın yaradıcı təkliflərini alqışlayırıq”, deyə Ermənistan baş naziri bildirib.