DÜNYA » SİYASƏT
15 Sentyabr 2021, 10:27 (GMT +4)

İran Britaniyadan borcunu qaytarmağı tələb edib

Bakı, 15 sentyabr, SalamNews, B.Samid. İran İslam İnqilabından öncə Britaniya hökumətinə hərbi müqavilə çərçivəsində ödənilən pulların qaytarılmasını tələb edib.

SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan rəsmi tvitter səhifəsində yazıb.

İran XİN rəhbəri bildirib ki, ötən gün Britaniya xarici işlər naziri Domenik Raabla telefon təmasında olub və bir sıra qarşılıqlı əlaqələr müzakirə edilib.

Hüseyn Əmir-Abdullahiyan bildirib ki, İran tərəfi Britaniyadan sabiq borcunun qaytarılmasını tələb edib.

Qeyd edək ki, İslam İnqilabından öncə 1,500 tank və zirehli texnikanın İrana satılması qarşılığında rəsmi Tehrandan 400 milyon funt-sterlinq alan Britaniya bu silahları İrana təhvil verməyib. Britaniya hökuməti son ildə bir neçə dəfə belə bir borcun olduğunu bildirib və onun ödənilməsi mexanizmlərini müzakirə edib.