DÜNYA » SİYASƏT
11 Sentyabr 2021, 16:39 (GMT +4)

Yens Stoltenberq: NATO Əfqanıstanda baş verən fəlakətin səbəblərini araşdıracaq

Bakı, 11 sentyabr, SalamNews. NATO, Əfqanıstandakı beynəlxalq missiyanın uğursuz sona çatmasının səbəblərini hərtərəfli araşdırmaq üçün bir proses başladıb.

SalamNews xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində qeyd edib.

"Həqiqətən, özümüzə vicdanla soruşmalı olduğumuz bəzi mürəkkəb suallar var. Bundan nəticə çıxarmalıyıq. NATO daxilində artıq hərtərəfli araşdırmaya başlanılıb. Nəticələri qiymətləndirmək hələ tezdir, amma mənim fikrimcə, açıq-aşkar özünü biruzə verən bəzi məqamlar var", - Stoltenberq bildirib.

Onun sözlərinə görə, son həftələrdəki hadisələr əfqanlar üçün faciəli oldu və onları dəstəkləyən hər kəsi sarsıtdı.