DÜNYA » SİYASƏT
07 Sentyabr 2021, 12:58 (GMT +4)

Blinken gələn həftə ABŞ Senatında Əfqanıstanla bağlı ifadə verəcək

Bakı, 7 sentyabr, SalamNews. ABŞ dövlət katibi Entoni Blinken ABŞ ordusunun Əfqanıstandan çıxarılması ilə bağlı ifadə vermək üçün Senatın Xarici Əlaqələr Komitəsinə gələcək.

SalamNews xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ dövlət katibinin iştirakı ilə iclas sentyabrın 14-də baş tutacaq. Qeyd olunur ki, Senatın Xarici Əlaqələr Komitəsindəki dinləmələr "ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması məsələsinə baxılmasına" həsr olunacaq. Hazırda proqramda yalnız Blinkenin çıxışı qeyd edilib.

"Senatın Xarici Əlaqələr Komitəsi nəzarət funksiyasını yerinə yetirməyə davam edərək (ABŞ Prezidenti Donald) Tramp administrasiyası ilə Taliban arasında uğursuz danışıqlar və (ABŞ Prezidenti Co) Bayden administrasiyasının ABŞ qoşunlarını geri çəkməsinin uğursuz icra edilməsi də daxil olmaqla ABŞ-ın Əfqanıstanla bağlı siyasətinə dair dinləmələr keçirəcək", Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edən Demokrat Robert Menendez bildirib.