DÜNYA » SİYASƏT
02 Sentyabr 2021, 12:47 (GMT +4)

İranın Livana göndərdiyi neft tankerlərindən biri bölgəyə çatıb - KİV

Bakı, 2 sentyabr, SalamNews, B.Samid. İranın ABŞ sanksiyalarına məruz qalmış Livana ezam etdiyi üç gəmidən birincisi Suriya sularına daxil olub. 

SalamNews xəbər verir ki, bu barədə Livanın əl-Əxbar qəzeti məlumat yayıb.

Bildirilib ki, İranın Livana göndərdiyi neft tankerlərindən birincisi Suriya sularına daxil olub.

İddia edilib ki, bu gəmi yükünü Suriya limanlarının birində boşaldacaq və neft yanacaq maşınları ilə Livana daşınacaq.

Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah ciddi yanacaq qıtlığı ilə üzləşmiş və ABŞ sanksiyalarına məruz qalan Livana neftin İrandan gətiriləcəyini bildirib. Həsən Nəsrullah bildirib ki, İrandan Livan istiqamətində iki neft tankeri yola düşüb və üçüncü də doldurulmaqdadır.

Əlavə edək ki, İran son iki ildə ABŞ-ın sərt sanksiyalarına məruz qalan Suriya və Venesuelaya çoxsaylı neft tankerləri ezam edib.