DÜNYA » SİYASƏT
21 Avqust 2021, 10:32 (GMT +4)

Bağdadın şimalında İŞİD təhlükəsizlik qüvvələrinə hücum edib, azı dörd ölü var

Bakı, 21 avqust, SalamNews, B.Samid. İŞİD terror təşkilatı Bağdad əyalətinin Tarimiyyə rayonunda təhlükəsizlik qüvvələrinə hücum edib. Ölənlər və yaralananlar var.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, İŞİD terror təşkilatı ötən gecə Tarimiyyə rayonunda Xalq Səfərbər Qüvvələrinə (Haşd-Şabi) hücum edib.

Bu hücum nəticəsində azı dörd hərbçi həyatını itirib və üçü yaralanıb.

Haşd-Şabi və digər təhlükəsizlik qurumları rayonda əməliyyata başlayıblar.

Qeyd edək ki, İŞİD 2018-ci ilin əvvəlində İraqda nəzarətində olan bütün coğrafi əraziləri itirib və gizli sığınacaqlarına çəkilərək, terror aktları və qəfil hücumlara başlayıb.