DÜNYA » SİYASƏT
03 Avqust 2021, 17:16 (GMT +4)

Son iki ayda Əfqanıstanda 80 min uşaq qaçqın vəziyyətinə düşüb

Bakı, 3 avqust, SalamNews, B.Samid. Son iki ay ərzində Əfqanıstanda gedən qarşıdurmalar 80 mindən çox uşağın qaçqın vəziyyətinə düşməsinə səbəb olub.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə Uşaqların Beynəlxalq Müdafiəsi Təşkilatı (Save the Children) bəyanat verib.

Mərkəzi Londonda yerləşən bu təşkilat Əfqanıstanla bağlı son hesabatında ölkədə qarşıdurma tərəflərinə və beynəlxalq tərəflərə xəbərdarlıq edib.

Təşkilat bildirib ki son iki ayda ölkədə azı 80 min uşaq qaçqın vəziyyətinə düşüb.

Qeyd edək ki, son dörd ayda yəni əcnəbi qüvvələrin Əfqanıstandan çıxması fonunda Taliban hücumlarının kəsərini artırıb və bu müddətdə azı 100 rayon mərkəzini nəzarətə götürüb. Hazırda ölkənin Hərat, Helmənd və Leşkərgah şəhərləri şiddətli döyüşlərin şahididir.