DÜNYA » SİYASƏT
23 İyul 2021, 12:54 (GMT +4)

Ayətullah Xamenei İranın cənubunda su qıtlığı ilə bağlı aksiyalara münasibət bildirib

Bakı, 23 iyul, SalamNews, B.Samid. “Son günlərin narahatlıq doğuran məqamlardan biri də Xuzestan əyalətində su problemi və orada camaatın vəziyyətidir. Bundan öncə Xuzestanın su problemi ilə bağlı tövsiyələrə əməl edilsəydi, bu vəziyyətlə qarşılaşmazdıq. Xuzestan əhli bu qədər təbii resursları və əyalətdə olan zavodlarla narazı və narahat olmamalı idilər.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Bu gün Tehranda koronavirusa qarşı yerli peyvəndin ikinci dozasını qəbul edən Ayətullah Xamenei Xuzestan əyalətində su qıtlığı ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib və ölkənin aidiyyatı qurumlarını mövcud problemi tez bir zamanda həll etməyə çağırıb.

“Xuzestanda camaat suya görə şikayətini bildiriblər. Buna görə onları qınamaq olmaz, çünki su məsələsi Xuzestanda sıradan bir problem deyil”, deyə Ayətullah Xamenei ölkə rəsmilərinə və gələcək hökumətə problemlə bağlı ciddi addımlar atmağa çağırış edib.