DÜNYA » SİYASƏT
06 May 2021, 04:49 (GMT +4)

Ramazanın 23-cü gününün duası – iftar və imsak vaxtı

Bakı, 6 may, SalamNews. Allah eybləri örtəndir və O bizim xəta və günahlarımızı dərhal üzümüzə vurmur və camaat arasında həya və abrımızı qoruyur. Ona görə bəndə durmadan şükür etməlidir. Bu haqda ramazanın 23-cü gününün duasında mühüm mesajlar var.

SalamNews xəbər verir ki, bu gün mübarək Ramazan ayının 23-cü günüdür.

Belə bir gün üçün nəzərdə tutulmuş münacatda müsəlmana öz xətaları və günahları barədə müxtəlif tövsiyələr edilir. Müsəlman Ramazan bitənə qədər günahlardan təmizlənməlidir və bunun üçün o təhzibi-nəfs üçün lazımi addımlar atmalıdır. İnsan bu müddət ərzində mənəviyyatını saflaşdırmalıdır. O, etdiyi xətalardan, bu xətaların hələ gizli qalmasından ibrət dərsi götürməli, digərlərinin xətalarını da aşkar etməməlidir. Hər bir inanclı bilməlidir ki, Allah xətaya göz yummaqla ona tövbə üçün fürsət verir.

Ramazanın 23-cü gününün duası:

"Allahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!"

Tərcüməsi:

"Allahım məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahana çək, ey günah əhlinin büdrəmələrinə göz yuman!"

Qeyd edək ki, bu gün iftar axşam saat 19.56-a, sabah sübh azanı isə saat 04.00-a təsadüf edəcək.