RUSİYA » SİYASƏT
13 Aprel 2021, 15:27 (GMT +4)

Peskov: Rusiya və Azərbaycan hərbçiləri "İskəndər" mövzusunda dialoq aparır

Bakı, 13 aprel, SalamNews. Qarabağda "İskəndər-M" raket qalıqlarının aşkarlanmasına dair Bakının məlumatları ilə bağlı məsələ Rusiya və Azərbaycan hərbçiləri arasında ətraflı şəkildə  müzakirə olunur.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

"Hərbçilərin xətti ilə dialoq aparılır, danışıqlar zamanı bütün müvafiq məsələlər müzakirə olunur", deyə Kreml sözçüsü bildirib.

 Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda rusiyalı həmkarı Vladimir Putinlə Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması məsələsini müzakirə etdiyini qeyd edib.

“Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq”, prezident açıqlayıb.