DÜNYA » SİYASƏT
12 Aprel 2021, 10:09 (GMT +4)

İran dondurulmuş 40 milyard dollar pulunun sərbəst buraxılmasını danışıqlarda şərt olaraq irəli sürür

Bakı, 12 aprel, SalamNews, B.Samid. İran nüvə sazişi çərçivəsində sabiq öhdəliklərinə qayıtmaq üçün ABŞ sanksiyalarının tam şəkildə aradan qaldırılmasından əlavə, indiyə qədər dondurulmuş pullarından 40 milyard dollarının sərbəst buraxılmasını tələb edir.

SalamNews xəbər verir ki, bu barədə İranın Tasnim Agentliyi məlumat verib.

Agentlik, Vayanda nüvə sazişi haqda və razılaşmaya qayıtmaqla bağlı aparılan danışıqlar barədə dərc etdiyi yazıda bildirib ki, İran nümayəndə heyətinin əsas tələbləri ABŞ sanksiyalarının aradan qaldırılmasını sınamaqdır ki, bu da 4-6 həftə vaxt sürə bilər. Əlavə edilib ki, məhz bundan sonra İran sanksiyaların götürülməsinə əmin ola və sabiq öhdəliklərinə qayıda bilər.

Əlavə edilib ki, İran tərəfi Cənubi-Koreya, İraq, Yaponiya, Çin, Oman Sultanlığı və sair ölkələrdə ABŞ sanksiyalarından dolayı dondurulmuş 40 milyard dollarını tələb edəcək və sanksiyalar müddəti dövründə İran iqtisadiyyatına dəymiş ziyanın kompensasiyasını da tələb etməyi yaddan çıxartmayacaq.

Lakin Agentlik əlavə edib ki, ABŞ nüvə sazişilə bağlı iddia etdiyi sanksiyaları götürsə də, bu sanksiyaların mühüm qismini “insan hüquqları”, “terror təşkilatlarını dəstəkləmək” kimi iddialarla saxlayacaq.

Qeyd edək ki, Cənubi Koreya baş naziri də ötən gün İrana gəlib. Məlumata görə tərəflərin müzakirə obyektlərindən biri də, Seul banklarında İranın dondurulmuş 7 milyard dollarının sərbəst buraxılması məsələsidir.