AZƏRBAYCAN » CƏMİYYƏT
10 Aprel 2021, 12:25 (GMT +4)

Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar sertifikatla təmin ediliblər

Bakı, 10 aprel, SalamNews. Cari il taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlər davam etdirilir. İndiyə qədər düzən sahələrdə biçin aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib.

SalamNews xəbər verir ki, aprelin 5-dən etibarən “Aqroservis” ASC və “New Holland” şirkəti tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı innovativ taxılyığan kombaynları idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start verilib. Təlimlər bu gün yekunlaşıb.

Məqsəd MDB məkanında ilk dəfə Azərbaycana gətirilən və çətin relyefli sahələrdə biçin aparan yeni nəsil texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombaynlara düzgün texniki xidmət göstərməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.

Təlimdə 4 qrupdan ibarət olmaqla ümumilikdə 40 mexanizator iştirak edib. Təlimin sonunda imtahanlardan uğurla keçmiş 35 mexanizatora "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Elmin Rəhmanov tərəfindən sertifikatlar təqdim edilib.

“New Holland” şirkətinin yüksək ixtisaslı mütəxəssisləri və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən videogörüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunan təlimlərdə mexanizatorlara kombaynın idarə olunması, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.