AZƏRBAYCAN » SİYASƏT
29 Yanvar 2021, 17:18 (GMT +4)

“Bakı Metropoliteni” maşinist axtarır

Bakı, 29 yanvar, SalamNews. "Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.

Bu barədə SalamNews-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, seçimdə iştirak etmək istəyən namizədə dair bir sıra tələblər qoyulub.

Belə ki, metro qatarını idarə etmək istəyən şəxs 24-30 yaş arasında olan kişi və qadın, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır.

Bundan əlavə kişi namizədlər hərbi biletə (yararlılıq kateqoriyası ilə) malik olmalıdır.

Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni”nin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Ərizə forması doldurularkən bir məqama xüsusi diqqət olunmalıdır: elektron müraciətdə, iddia etdiyiniz peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməlidir.

Elektron ərizələr 1-15 fevral arasında qəbul ediləcək.