AZƏRBAYCAN » CƏMİYYƏT
26 Avqust 2020, 17:00 (GMT +4)

Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb

Bakı, 26 avqust, SalamNews.Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SalamNews-un bölgə müxbirinə verilən məlumata görə, avtomobilin sürücüsü, Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib.

Tibbi müayinə zamanı sürücünün avtonəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Onun bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyən edilib.

İ.Yusifazadə barəsində toplanmış materiallar baxılmaq üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.