DÜNYA » SİYASƏT
06 İyul 2020, 16:58 (GMT +4)

Taliban Rusiya ilə "anlaşmanın" kim tərəfindən hansı məqsədlə uydurulduğunu açıqlayıb

Bakı, 6 iyul, SalamNews. "Taliban" hərəkatının Qətərdəki nümayəndəsi Suxel Şahin bildirib ki, Rusiya ilə "anlaşma" iddiası Kabilin xüsusi xidmət orqanları tərəfindən Əfqanıstandakı sülh prosesinə mane olmaq üçün uydurulub.

SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Bu ittihamlar həqiqət deyil, heç bir əsası yoxdur və sülh prosesinə xələl gətirmək və təxirə salmaq üçün Kabildəki kəşfiyyat orqanı tərəfindən ortaya atılıb", o deyib.

O qeyd edib ki, "Taliban" məsələ ilə öz araşdırmalarını aparır.

Qeyd edək ki, ABŞ kəşfiyyatçıları belə bir qənaətə gəlib ki, Rusiya hərbi kəşfiyyatı gizli şəkildə Taliban yaraqlılarına ABŞ və NATO hərbçilərini öldürmək üçün mükafat təklif edib.

"The New York Times" qəzetinin məlumatına görə, mükafatla bağlı işlərlə Avropadakı əməliyyatlara görə cavabdeh olan Rusiya kəşfiyyat bölməsi məşğul olub.

ABŞ prezidenti Donald Tramp isə Twitter-də yazıb ki, ABŞ kəşfiyyatı, Rusiyanın ABŞ hərbçilərinin öldürülməsinə görə əfqan yaraqlılarına mükafat təklif etmək cəhdləri ilə bağlı məlumatların əsassız olduğunu etiraf edib.

ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ABŞ lideri Donald Trampı  Rusiyaya qarşı hər iddianı qulaqardına vurmaqda ittiham edib.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi, Əfqanıstanda ABŞ hərbçilərinin öldürülməsində Rusiyanın əli olduğuna dair "New York Times" qəzetində çıxan məlumatları saxta adlandırıb.